Haqqında


     Nüşabə Məhəmmədəli qızı Məmmədli 1953-cü ilin yanvarın 6-da Azərbaycan Respulikası Ağdam şəhərində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Xarici Dillər Universitetini bitirib təyinat yerində işləmişdir. İşlədiyi müddətdə iki dəfə beşilliyin zərbəçisi döş nişanı və müxtəlif pul mükafatları ilə təltif olunmuşdur. 1967-ci ildə yaradıcılıqla məşğul olan Nüşabə Məmmədli 1970-ci ildən mütəmadi olaraq Azərbaycan, Ulduz jurnallarında ədəbiyyat və incəsənət, Azərbaycan Gəncləri qəzetlərində və müxtəlif adda yerli mətbuatda lirik şerləri, hekayələri və povestləri çap edilib. 1985-ci ildə həyat yoldaşının dövlət işi ilə əlaqədar olaraq Rusiya Federasiyasının Şərqi Sibir əyalətinə köçmüşdür. Cinayətə meyilli çətin tərbiyə olunan uşaqların hüquq pozmalarının qarşısını almaq məqsədiylə iş aparan klubun müdiri vəzifəsində işləmişdir. Rusiyada yaşadığı müddətdə Qadınlar Şurasının sədri vəzifəsində çalışmış və istər yeniyetmələr, istərsə də qadınların həyatına yenilik gətirən müxtəlif tədbirlər həyata keçirmişdir. Qarabağ hadisələri başlayanda təzyiqlərə məruz qalmağına baxmayaraq Qarabağ həqiqətlərinin aktiv təbliğatçısı olmuşdur. “Arqumentı i faktı”, “komsomolskaya pravda” qəzetlərində Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir. Məlum məsələlərlə əlaqədar olaraq Nüşabə Məmmədli yüksək rütbə daşıyan həyat yoldaşı Fikrət Məmmədovla ailəlikcə könüllü olaraq dəyişmə yolu ilə Qarabağa döyüş bölgəsinə xidmət etməyə gəlmişdir.
     Nüşabə Məmmədli ilk böyük həcmli “80 budağın hərəsindən bir yarpaq” sənədli povesti xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr edib. Nüşabə xanımın ikinci kitabı Qarabağ əsir qadınlarından bəhs edən romanıdır ki, təkcə bu əsərə görə Azərbaycanın və xarici ölkələrin müxtəlif adda mükafatlarına layiq görülmüşdür. Qəzet və jurnallarda dərc edilmiş onlarla bədii əsərlərin və 150-yə yaxın publisistik məqalələrin müəllifidir. Nüşabə Məmmədlinin “Bu bir oyundur” hekayələr kitabı, “Göylərdən keçən ömür” sənədli povesti və “Vicdan dustağı” romanı oxucular arasında böyük marağa səbəb olmuşdur. Nüşabə Məmmədlinin əsərləri rus, ukrayna, özbək, alman və ingilis dillərinə tərcümə edilmişdir. İstər vətəndən kənarda, istər sə də vətəndə işlədiyi bütün vəzifələrdə müxtəlif mükafatlara layiq görülmüşdür. Bunlar Rəsul Rza adına Beynəlxalq ədəbi mükafatın laureatı, Yaddaş milli mükafatı, Təzəpir məscidinin qədir bilən mömün xalqımıza bəxş edən unudulmaz ulu ana Nabat xanımın şərəfinə təsis edilmiş sərvət və səxavət mükafatı, xan qızı Natəvan media mükafatı laureatıdır. Rusiya Federasiyası Yazıçılar Birliyi tərəfindən Nüşabə  Məmmədli rus dilində nəşr olunmuş “Ruladı ili Qlas Vopiöheqo v Pustıne” əsərinə, milli ədəbiyyata verdiyi töhvəyə görə Q.R.Derjavin adına ordenlə mükafatlandırılmışdır.
     1997-ci ildə “Ədalət” qəzetində müxbir, 1999-cu ildə “Repartyor”, 2000-ci ildə isə “Karvan” qəzetinin baş redaktoru vəzifəsində işləmişdir.
     2005-ci ildən isə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin Sədridir.
     2007-ci ildən Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin Mətbuat Orqanı “Yazıçı Qadınlar Jurnalı”nın baş redaktorudur.
     Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.

     Ailəlidir, bir oğlu var.